Maraqlı

“Yazılanları oxumağa vaxtım yoxdur, güllələnsin…” – Stalin ailə dostu olmuş pedofil haqda daha nələr deyib?

“Yazılanları oxumağa vaxtım yoxdur, güllələnsin…” – Stalin ailə dostu olmuş pedofil haqda daha nələr deyib?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

O, İosif Stalinin ailəsinə ən yaxın adamlardan sayılıb. Avel Yenukidzenin istənilən vaxt Stalinin mənzilinə giriş-çıxış səlahiyyəti olub. 1917-ci il oktyabr inqilabının fəal iştirakçısı olan Yenukidze 1918-1922-ci illərdə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin, 1922-1935-ci illərdə isə SSRİ Mərkəzi İcraiyyə Komitəsinin katibi vəzifəsində çalışıb. O, bu yüksək vəzifələrdə çalışsa da, siyasətə çox da meylli olmayıb, Kreml məmurlarının işinə heç vaxt qarışmayıb. Elə bəlkə də buna görə ona “Kremlin zavxozu” deyiblər.

1877-ci ildə Kutaisidə anadan anadan olan Yenukidze məktəbi bitirdikdən sonra Tiflisdə texniki peşə təhsili alıb, ilk əmək fəaliyyətinə Tiflis dəmiryolu idarəsində başlayıb, sonrakı fəaliyyətini Bakıda dəmiryolu deposunda davam etdirib. Yenukidze gənc yaşlarından inqilabi hərəkata qoşulub, Bakıdakı gizli “Nina” mətbəəsinin yaradıcılarından biri olub.

Həmin illərdən onun Stalinin gələcək həyat yoldaşı Nadejda Alliluyevanın atası ilə dostluq münasibətləri yaranıb. Onlar həm bir yerdə işləyiblər, həm də Bakıda və Tiflisdə gizli siyasətlə məşğul olublar. Nadejda dünyaya gələndə valideynləri Avel Yenukidzedən onun xaç atası olmasını xahiş ediblər. Yəqin, o vaxt Yenukidzenin ağlına belə gəlməyib ki, bu qızcığaz nə vaxtsa çar Rusiyasının yerində qurulacaq SSRİ adlı dövlətin birinci şəxsinin – İosif Stalinin həyat yoldaşı olacaq.

Avel Yenukidze siyasi fəaliyyətinə görə 7 dəfə həbs olunub. 1900-cü illərin əvvəllərində o, Leninlə tanış olub, Stalinlə isə bir yerli kimi daha yaxın münasibətlər qurub.

Məlum olduğu kimi, Stalinin hakimiyyəti dövründə  yüksək ranqlı dövlət  məmurlarının çoxu Kremlin ərazisindəki evlərdə yaşayıblar. Elə Stalinin də Kremldə mənzili olub. Siyasətdən uzaq olan Yenukidzeyə həmin mənzillərin bölgüsü və orada yaşayanların təminatı vəzifəsi də həvalə edilib. Həmçinin o, Kremldə keçirilən banketlərin, bayram tədbirlərinin təşkilatçılığına da cavabdehlik daşıyıb. Amma onun missiyası təkcə bunlarla bitməyib, o həm də birincilərin məclislərini gənc xanımlarla rövnəqləndirib. Elə Stalini sevimli tibb bacısı Valentina İstomina ilə tanış edən də Yenukidze olub. Bu missiyasına görə onu “qızıl balıq” da adlandırıblar.

Yenukidze öz vəzifə səlahiyyətlərindən və imkanlarından istifadə edərək azyaşlı qızları ələ keçirib. Moskvanın mərkəzindəki ikinci mənzilində vaxtını saatlarla onlarla əyləncələrə sərf edib. Ömrünün sonuna qədər subay qalan köhnə bolşevik ildən-ilə daha azyaşlıları, 9-11 yaşlarında qızları öz toruna salıb. Heç bir fiziki yaxınlığa nail ola bilməyəndə, daha dəqiq ifadə etsək, buna gücü çatmayanda, Yenukidze onları mənəvi cəhətdən alçaldıb.

Zaman-zaman onun bu əməlləri haqda Kreml məmurları da xəbər tutublar. Amma Yenukidzenin Stalinlə dostluğuna görə ona qarşı cəza tədbiri görməyə heç kim cürət etməyib. Digər tərəfdən, Yenukidze Kreml məmurlarını da qızlarla təmin etdiyinə görə onun bu “fəaliyyətinə” göz yumulub.

Stalinin qızı Svetlana Alliluyeva da Yenukidzenin şakərindən xəbərdar olub. O, sonralar qələmə aldığı xatirələrində bu haqda yazıb:

“Avel dayını evimizdə hamı yaxşı tanıyırdı və sevirdi. O, həm də anamın xaç atasıydı. Atamla da çox isti münasibətləri var idi. Biz onu ailəmizin bir üzvü kimi qəbul edirdik. Amma onun  qəribəlikləri də az deyildi. Anam vəfat edəndə məni onunla sonuncu dəfə görüşmək üçün meyitin yanına buraxdılar. Uşaq idim, çox qorxdum, həyəcanla ağlamağa başladım. Bu məqamda Avel dayı məni qucağına götürüb yan otağa apardı. İkimizin olduğu otaqda o, məni qucağında otuzdurdu, mənimlə “oynamağa” başladı, kiçik stolun üstündə olan meyvələri bədənimin intim yerlərinə sürtdü, onları mənə “yeritməyə” cəhd etdi…”

Yenukidzenin Moskva əyləncələrinə 1935-ci ildə son qoyulub. Həmin il yüksək ranqlı dövlət məmurlarının vətənə xəyanət ittihamı ilə başlanan “Kreml işi”nin əsas hədəflərindən biri də Yenukidze olub. İstintaqın gedişi zamanı o, SSRİ Mərkəz İcraiyyə Komitəsinin katibi vəzifəsindən azad edilərək Zaqafqaziya Federasiyası Mərkəzi İcraiyyə Komitəsinə katib təyin edilib. Ancaq istintaq zamanı Yenukidzenin Kremldəki fəaliyyətində yeni nöqsanlar aşkar edildikdə, onun təyinatı ilə bağlı qərar ləğv olunub və o, Mineralnı Vodı şəhərində Kurortlar idərəsinə rəis təyin edilib. Ancaq bu vəzifə də Stalin üçün böyük görünüb və o, Yenukidzeni Xarkova kiçik bir nəqliyyat idarəsinə rəis göndərib.

Yenukidze elə bu vəzifədə də, 1937-ci ildə vətənə xəyanət, casusluq, Jdanovun həyatına sui-qəsd cəhdi, kommunist əxlaqına zidd olan əməllərə görə həbs edilib. Bunlarla yanaşı Avel Yenukidze Kremldə dövlət çevrilişinə cəhddə də günahlandırılıb.

Stalin həmyerlisini və özünə dost saydığı Yenukidzeni əfv etməyib. “NKVD” başçısı Nikolay Yejov onun haqqında toplanmış materialları Stalinin stoluna qoyanda o, qovluğu açmadan öz fikrini bildirib:

– Yoldaş Yejov, Yenukidze haqqında topladığınız materiallar olduqca azdır. Bu əclafın cinayətləri və yaramaz əməlləri cildlərə sığışmaz. Mən bu qovluqla tanış olmayacağam. Buna nə vaxtım, nə də həvəsim var.

Bu ifadələrindən sonra Stalin qovluğun üstünə dərkənar qoyub: “Güllələnsin”.

Elə həmin gün, 1937-ci ilin oktybrın 30-da Yenukidze güllələnib. Onu edama aparanda isterik vəziyyətə düşüb, ağlayaraq qışqırmağa başlayıb:

– Məni güllələnməyin, mən yaşamaq istəyirəm.

Təcridxana rəisi bu qışqırığa çox sakit səslə cavab verib:

– Sən çox şey istəyə bilərsən, amma yoldaş Stalin sənin istədiklərini istəmir.

Əslində, Avel Yenukidzenin belə tələsik edam edilməsi qeyri-qanuni sayılıb. Çünki onun güllələnməsi ilə bağlı məhkəmə hökmü olmayıb. Bunu nəzərə alan SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası Stalinin göstərişi ilə əvvəlki tarixlə onun haqqında ən ağır cəza, güllələnmə hökmü çıxarıb.

Gündem.az