Dənizin dibində şəkərin nəhəng yatağı aşkar edilib
Almaniyanın Bremen şəhərindən olan alimlər yosunlardan ibarət qalın yaşıl çəmənliyin altında yerləşən dəniz süxurunda bir milyon tondan artıq şəkər aşkar edib.
Moderator.az xəbər verir ki, bu barədə “Science Daily” portalı yazıb.
Maks Plank Cəmiyyətinin dəniz mikrobiologiya İnstitutunun tədqiqatçıları bu qərara gəlib ki, dəniz yosunları Yer üzərində karbon qazını udur, lakin torpağa çoxlu miqdarda saxaroza formasında şəkər ifraz edirlər. Bitkilərin köklərinə bitişik torpağın ensiz qatı olan rizosferdə bu maddənin konsentrasiyası əvvəllər dəniz mühitində qeydə alınan rəqəmlərdən 80 dəfə çoxdur.
“Bizim dəyərləndirmələrimizə görə, bütün dünyada dəniz yosunlarının rizosferində 0, 6 – 1, 3 milyon ton saxaroza formasında şəkər var”, – bunu tədqiqatçılar qrupunun rəhbəri Manuel Libeke deyib. Bu miqdarı müqayisə etmək üçün 32 milyard banka şirin qazlı Coca- Colanın istehsalı kifayət edərdi.
Karbohidratların belə yüksək konsentrasiyası təəccüblüdür, çünki adətən mikroorqanizmlər ətraf mühitdə olan istənilən sərbəst şəkəri tez bir zaman mənimsəyir. Alimlər bunun izahını tapıb və müəyyən edib ki, dəniz yosunları elə fenol birləşmələrini ifraz edir ki, bu, əksəriyyət mikroorqanizmləri saxarozadan istifadədən çəkindirir. Bu, saxarozanın yaşıl çəmənlər altında “dəfn edilən” vəziyyətdə qalmasına, okean və atmosferə karbon qazı formasında dönməməsinə zəmanət verir.
Öz kəşfini tədqiqatçılar “Nature Ecolocy & Evolution” jurnalında təsvir edib.
“Bizim hesablamalarımız göstərib ki, əgər saxaroza rizosferdə sərbəst ifraz edilsəydi, ən azı 1, 54 milyon ton karbon qazı bütün dünyada atmosferə buraxılardı”, – Libeke əlavə edib və diqqəti yosunların qorunub saxlanmasının vacibliyinə yönəldib.
Xatırladaq ki, dəniz yosunlarının miqdarı bütün okeanlarda sürətlə azalır. Ekspertlərin dəyərləndirməsinə görə, hər il bəzi yerlərdə itkilər 7 faiz təşkil edir ki, bunu da itirilmiş mərcan rifləri və tropik meşələrin yarısı ilə müqayisə etmək olar.
Tədqiqatçılar güman edir ki, dünyada dəniz yosunlarının üçdə bir hissəsi tamamilə yoxa çıxıb.
Follow @7timesaz