İqtisadiyyat

Azərbaycanda çörək bahalaşmağa davam edəcək – SƏBƏB

Azərbaycanda çörək bahalaşmağa davam edəcək – SƏBƏBbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2020-ci ilin ikinci yarısından xarici bazarlarda buğdanın bahalaşması böyük həcmdə buğda idxal edən ölkələrdə qiymət artımlarına səbəb olub.

7times.az bildirir ki, Azərbaycan da böyük həcmdə buğda idxal etdiyindən qiymətlərin artması ölkəmizin daxili bazarına da sirayət edib.

Ölkəmizə idxal edilən buğda əsasən un istehsalı üçün istifadə olunur. Buğdanın bahalaşması unun da qiymətinin artmasına, unun bahalaşması isə çörəyin qiymətinin yüksəlməsinə əsas yaradıb. Çörəyin bahalaşmasının qarşısını almaq üçün Azərbaycan hökuməti un və buğda idxalını gömrük rüsum və vergisindən azad etməklə bərabər, un istehsalçılarına 2021-ci il fevralın 1-dən mayın 1-dək 35 manat subsidiya verəcək.

Lakin ilkin nəticələr göstərir ki, buğdanın qiymətindəki bu tədbirləri səmərəsiz edə bilər. Çünki buğda bahalaşmaqda davam edir və mövcud qiymətlərlə 2020-ci ilin iyun ayındakı qiymətlər arasında kəskin fərq var. Ötən ilin iyununda xarici bazarlarda buğdanın bir tonu 170 dollar olduğu halda 2021-ci ilin yanvarında 238 dollar, hazırda isə 246 dollardır. Son 8 ayda buğdanın qiyməti hər tonda 76 dollar və ya 44,7 faiz artıb.

İstisna etmək olmaz ki, buğdanın dəyərindəki artım mart ayında da davam etsin. Hər şey dünyanın əsas buğda ixracatçısı olan Rusiyanın davranışlarından asılı olacaq. Rusiya taxıl məhsullarının ixracına kvota gətirib. Əgər kvotanın tətbiq müddəti uzadılarsa və yeni kvota tətbiq edilərsə, qiymətlərdə artım dinamikasının qalması mümkündür.

Həmçinin, Rusiyanın ixrac qiymətlərinin necə olacağı da önəmlidir. Rusiyanın daxilində 2020-ci ilin sentyabrından buğda qiymətlərində artım qeydə alınsa da, 2021-ci ilin yanvarında ucuzlaşma olub. Daxildə qiymətlər yanvarda 221 dollara enib. Amma ixracda vəziyyət dəyişməyib və yanvarda da bahalaşma davam edib. Nəticədə yanvarda qiymətlər 284 dollara qədər yüksəlib. Rusiya yalnız yanvarda satdığı buğdanın qiymətini 10 faiz qaldırıb.

Xarici bazarlarda baş verən qiymət təlatümlərinin Azərbaycana güclü təsir etməsinin başlıca səbəbi un istehsalında istifadə edilən buğdanın böyük hissəsinin idxal edilməsidir. Ölkəmizdə olan dəyirmanların böyük hissəsi yumşaq buğdadan un istehsal edilməsi üçün nəzərdə tutulub, bu cür dəyirmanlarda bərk buğdanın uyüdülməsi əlverişli deyil. Digər tərəfdən çörək istehsalında yumşaq buğdadan alınan unun daha effektiv olduğu bildirilir.

Azərbaycanın istehsal etdiyi buğda bərk buğda olduğundan un istehsalında geniş istifadə edilmir. Eyni zamanda ölkəmizdə istehsal edilən buğdanın miqdarı da azdır və daxili tələbatın ən yaxşı halda 60 faizini ödəyir.

Həm texniki amillər, həm də iqtisadi göstəricilər səbəbindən Azərbaycan hər il xaricdən böyük həcmdə buğda idxal etməyə məcburdur. 2019-cu ilin məlumatına əsasən ölkəmiz 1,585 milyon ton, 2020-ci ildə isə 1,365 milyon ton buğda idxal edib. Ötən il buğda idxalı azalsa da xaricdən alınan buğdanın miqdarı hələ də çoxdur. Həmin miqdar nəzərə alınarsa, Azərbaycan dünyanın ən çox buğda idxal edən 20 ölkəsindən biridir. Ölkəmiz buğda idxalına görə 17-18-ci yerlərdə qərarlaşır. Dünyada ən çox buğda idxalını 9,7 milyon tonla Türkiyə həyata keçirir.

2019-cu ilin məlumatına əsasən Azərbaycanın buğdaya olan illik tələbatı 3,54 milyon tondur. İllik tələbatın 2,11 milyon tonu yerli istehsal, qalanı idxal hesabına ödənilib. Buğdanın 2,386 milyon tonu (67,4 faiz) un istehsalında istifadə edilib. Mal-qara və quş yemi üçün 545,6 min ton, toxum üçün 142,2 min ton, ərzaq məhsulu kimi 87,6 min ton, qeyri-ərzaq məhsullarının istehsalı üçün 43,3 min ton buğda istifadə olunub. 2019-cu ildə buğdanın 262,6 min tonu itkiyə gedib.

Statistika göstərir ki, əgər ölkəmizdə keyfiyyətli, çörək sənayesi üçün əlverişli olan buğda istehsal edilərsə, yerli buğda istehsalı hesabına çörək sənayesini 100 faiz unla təmin etmək mümkündür. Amma qeyd etdiyimiz kimi yerli istehsal məhsulunun əlverişli olmaması çörək istehsalını idxal unundan asılı vəziyyətə salıb. (sfera.az)