Ölkə

Hakimlərin maaşı çox aşağıdır – Deputat

Hakimlərin maaşı çox aşağıdır – Deputatbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Gənclərin hər hansı sferada irəli çəkilməsi cəmiyyətdə həm müsbət, həm də mənfi tendensiya kimi qəbul olunur. Məhkəmə sistemində isə tərcübə amili çox böyük əhəmiyyət daşıyır. Düzdür, hər bir kəsin performansı özünün iş prosesində ortaya qoyduğu qabiliyyətdən asılıdır. Elə insanlar var ki, istedadı ilə qısa müddətdə öz sahəsində sözünü deyə bilir. Amma yenə də hesab edirəm ki, hakimlər üçün təcrübə amili önə çəkilməlidir. Hər halda insan taleyi ilə, hüquq münasibətləri ilə bağlı məsələlərdə təcrübə vacibdir”.

Bunu 7Times.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa bir sıra birinci instansiya məhkəmələrinə hakimlərin təyin edilməsi ilə bağlı danışarkən deyib.

O, hakimlərin sayının artmasının onların iş yükünün azalması ilə bərabər, işlərə daha keyfiyyətlə baxılmasına da müsbət təsir göstərəcəyi barədə fikirlərlə razılaşmadığını deyib.

“Düşünmürəm ki, bu, əsaslı rol oynasın. Çünki bizə hakimin təcrübəli olması lazımdır. Hakimin hazırlığı zəifdirsə, iş yükü nə qədər az olsa da, yenə də onun öhdəsindən lazımi səviyyədə gələ bilməyəcək”, – deyə deputat qeyd edib.

F.Mustafa hakimlərin hazırlıq səviyyəsindən danışarkən Azərbaycanda hüquq təhsilinin arzuolunan səviyyədə olmadığını bildirib. Bununla bərabər, ümumi hüquq sistemlərində böyük fərqlər olduğunu vurğulayaraq, başqa ölkələrdə hüquq təhsili alan şəxslərin Azərbaycanda bu sahədə uğurlu olacağına təminat olmadığını söyləyib.

Deputatın sözlərinə görə, ədalət mühakiməsinin səmərəliliyi üçün hər şeydən öncə məhkəmələrin müstəqilliyi təmin olunmalıdır: “Bu gün bizim üçün vacib olan məhkəmələrin müstəqilliyidir. Bu olmayandan sonra ən savadlı hakim belə bu asılılığın içində boğulur, sıradan çıxır, yaxud öz istədiklərini gerçəkləşdirə bilmir. Ona görə də kadrdan daha çox məhkəmələrin müstəqilliyi məsələsinə önəm verilməlidir. İkinci növbədə hakimlər üzərində olan hədsiz bürokratik və inzibati nəzarəti azaltmaq lazımdır ki, daha müstəqil qərarlar verə bilsinlər. Verdiyi qərarların da məsuliyyətini daşımaq hakim üçün bir vicdan borcu kimi görünsün. Çünki hakim qərarı verir və onun taleyi ilə bağlı məsələlərin hansı nəticələr doğurduğuna əhəmiyyət vermir. İndi hansı iş adamından soruşsan, deyir ki, məhkəmədə ədalət yoxdur deyə hər hansı iş görmək, fəaliyyət göstərmək mümkün deyil. Çünki mülkiyyətə qəsd ediləndə, yaxud sahibkarlıq fəaliyyətinə maneələr olanda məhkəmə daha çox dövlətin mövqeyini müdafiə etməli olur. Sahibkar isə mövqeyinin müdafiəsini görmür. Bu da sahibkarlıq mühitinə mənfi təsir göstərir. Düşünürəm ki, bunlar da nəzərə alınmalıdır. Yenə də qeyd edirəm ki, bu məsələlərin həlli üçün bizə iki şey lazımdır: məhkəmələrin müstəqilliyi, hakimlərin bilik və təcrübəsi”.

F.Mustafa bütün bunlarla yanaşı, hakimlərin maaşlarının artmalı olduğunun da vacibliyini qeyd edib: “Hakimlərin əmək haqqı yüksək olmalıdır. Amma bizdə onların maaşı aşağıdır. İndiki real şəraitdə hakimlər özlərinin elementar məişət qayğılarını həll edə biləcək imkana sahib deyillər. Hesab edirəm ki, hazırda ölkəmizdə hakimlər ən azı 8-10 min manatdan yuxarı maaş almalıdırlar ki, başqa sıxıntılar içərisində yaşamasınlar və işə diqqətlərini ayıra bilsinlər”.

7Times.az