Cəmiyyət

Millət vəkili Xalq yazıçısının rus təəssübkeşliyinə qarşı çıxdı

Millət vəkili Xalq yazıçısının rus təəssübkeşliyinə qarşı çıxdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rus dilini nə qədər mükəmməl bilsəniz də, Rusiyada ermənilər kimi öz ölkənizin maraqlarını müdafiə edə bilmıyəcəksiniz”.

7times.az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayevin ölkədəki rus məktəblərinin bağlanmasına çağıran yerli fəalları tənqid etməsi ilə bağlı fikirlərini şərh edərkən deyib.

O bildirib ki, ana dilindən imtina edən əslində gec ya da tez milli kimliyindən də imtina etmiş olur:
“Dil əslində ünsiyyət hadisəsindən daha çox təfəkkür hadisəsisir. Çünki ünsiyyət bəzən dilsiz də baş tutur. Mənşəcə eyni kökdən gələn dil ondan əvvəlki mərhələdə mövcud olan intiutiv duyumla baş tutan ünsiyyətin, yəni dilsiz ünsiyyətin bir sonrakı mərhələsi kimi meydana çıxıb və boğazın anatomik quruluşunda inqilab yaradacaq qədər təkamül edib. Bu isə əslində elə insanlığın təkamülü hadisəsidir. İnsanların nəyə görə duyum və göz vasitəsilə ünsiyyətdən imtina etmələrinin səbəbi onların biri-birindən düşündüklərini gizlətmək məqsədididir. İnsanlar gözlərini biri-birindən yayındıraraq qırıq səslər çıxartmaqla ünsiyyət qurmağa üstünlük veriblər. Beləliklə, səslər və sözlər yaranıb. İlkin mərhələdə boğazın anatomik quruluşu müsaid olmadığı üçün yalnız təkhecalı sözləri tələffüs edə bilmişik. Ona görə də bu sözlər ən qədim sözlər sayılır və həm də ən vacib sözlər. Məsələn ov, ev, ox, at, ət və s. Sonrakı mərhələdə daha mürəkkəb və çoxhecalı sözləri düşünə bilmişik və idrak hadisəsi baş verib. Səsin hərfə çevirilməsi, yəni yazı isə lap sonrakı hadisədir. Bəzən indi də deyirik ki, fikirlərini gözlərindən oxudum ya da ürəyini oxudum. Bu qədim keçmişdəki ünsiyyət formamızın acizanə xatırlanması, kim bilir, bəlkə də təəssüf və peşmançılıqla dil tariximizə qısa ekskursiyamızdır. Ancaq məsələ həm də ondadır ki, dil daha sonrakı tarixi təkamül prosesində millətləri yaratdı. Yəni, dil tarixən də bu gün də milli kimliyi təyin edən vasitədir! Ona görə də ana dilindən imtina edən əslində gec ya da tez milli kimliyindən də imtina etmiş olur. Bir qədər sonra dil mədəni imperializmin silahına çevrildi. Yəni, bir panidealist xalqın digər xalq üzərində dominantlığını təmin edən vasitə oldu. Yəni, bir xalqın digərini özünün köləsinə çevirməsini təmin etdi. Sosiologiya izah edir ki, fərd hansı dilin daşıyıcısıdırsa, elə o millətə də mənsubdur! Yəni, sosial varlıq olan insan hansı dildə düşünürsə, o dildə yaradılan mədəniyyətin varisidir”.

Deputat hesab edir ki, dilimizi qorumaq milli kimliyimzi qorumaqdır:

“Dilimizi qorumaq varlığımızı qorumaqdır. Əlbəttə, başqa dilləri öyrənmək və həm də mükəmməl öyrənmək lazımdır, hətta mümkün qədər daha çox dili öyrənmək lazımdır. Tutaq ki, rus dilini öyrənmək yaxşıdır ancaq o dərəcədə yox ki, sənə rusdilli desinlər, ingilis dilini də öyrənmək lazımdır. Ancaq elə etmək lazımdır ki, bu dili mükəmməl bilmək sənə ingilisdilli deməyə əsas yaratmasın. Sadəcə desinlər ki, filankəs rus yaxud ingilis dilini yaxş bilir, vəssalam! Qaldı ki, dili bilməklə milli maraqları qorumaq arasındakı mütənasibliyə, əzizlərim, bunlar heç də həmişə düz mütənasib olmur! Rus dilini nə qədər mükəmməl bilsəniz də, Rusiyada ermənilər kimi öz ölkənizin maraqlarını müdafiə edə bilmıyəcəksiniz. Birincisi ona görə ki, həmin dildə milli maraqları qorumaq üşün öz xalqın haqqında lazım olan bilgiyə sahib olmalısan ki, bu da dediyimiz kimi, daha çox milli təfəkkür hadisəsidir. Siz isə daşıyıcı olduğunuz dilin varisi olduğunuza görə bunu edə bilməyəcəksiniz. İkincisi ona görə ki, sadəcə bunu etməyə sizə icazə verməyəcəklər. Çünki imperializimin sizə və ermənilərə münasibəti tamamilə fərqlidir. Hamı kimin dost, kimin düşmən olduğunu özü üçün lap çoxdan müəyyənləşdirib. Elə ən son erməni təxribatı dediyimiz Tovuz hadisəsindən sonra ən yeni siyasi tariximizin reallıqları, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış yeni situasiya bir daha aydın göstərdi ki, regionda kim kimin dostu, kim kimin düşmənidir! Düşmənlərə qarşı yeganə silahımız isə milli gücümüz, milli birliyimiz, bir millət, iki dövlətimizdir. Dil məsələsi isə bu kontekstə qiymətləndirilməli olan strateji yumşaq gücdür. Ona görə də böyük dövlət xadimi, ulu öndər Heydər Əliyev deyirdi ki, Azərbaycn dilini bilmədən azərbaycanlı olmaq mümkün deyil”.

Qeyd edək ki, Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayev “Facebook” profili vasitəsilə ölkədəki rus məktəblərinin bağlanmasına çağıran yerli fəalları tənqid edib. O bildirib ki, Rusiya mediasında erməni soyadlı jurnalistlər üstünlük təşkil edir və bu, lobbi fəaliyyətinin nəticəsi deyil: “Onlar rus dilində səlis danışan ağıllı, intellektual və istedadlı insanlardır”.