“İyulda Azərbaycan-Ermənistan sərhədində baş verən münaqişənin əsasında Dağlıq Qarabağ probleminin həll olunmaması dayanır”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu “Trud” qəzetinə müsahibəsində Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bildirib.
“Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsinin arxasında nə dayanır və bunun genişmiqyaslı hərbi münaqişəyə çevrilmək ehtimalı nə qədərdir?”, – sualına Rusiya XİN başçısı belə cavab verib:
“İyulun 12-16-da baş verən sərhəd münaqişəsi bizim vasitəçiliyimizlə hazırlanan atəşkəs haqqında 1994-cü il Sazişinin 2016-cı ilin aprel müharibəsindən sonra ikinci daha irimiqyaslı pozuntusu oldu. Bununla yanaşı, artilleriya, qumbaraatanlar və hücum dronlarının istifadə olunduğu yüksək intensivli toqquşmalar son 26 ildə ilk dəfə Qarabağda təmas xəttində deyil, birbaşa Azərbaycan və Ermənistanın dövlət sərhədindəki məntəqədə baş verdi.
Bir sıra kompleks səbəblər münaqişəyə gətirib çıxardı. Əlbəttə ki, bunun əsasında Qarabağ münaqişəsinin həll olunmaması dayanır. Üstəlik, sərhədin hər iki tərəfində ictimai məkanın həddindən çox qızışması… Çoğrafi amil də bir növ tətikləyici rol oynadı: Ermənistan tərəfinin Azərbaycanın ixrac boru kəmərlərindən 15 kilometr məsafədə yerləşən köhnə sərhədyanı Nəzarət Keçid Məntəqəsini yenidən bərpa etmək qərarı bir tərəfdə yüksək narahatlıq yaratdı, digər tərəfin əsassız cavab reaksiyası və yekunda ən gözlənilməz nəticələrlə qarşıdurma çarxını hərəkətə başlatdı.
Vəziyyəti stabilləşdirmək üçün iyulun 13-də Rusiya XİN tərəflərə dərhal atəşi dayandırmaq çağırışı ilə müraciət etdi. Azərbaycan və Ermənistandan olan həmkarlarla telefon danışıqları apardı, Azərbaycan və erməni millətindən olan Rusiya vətəndaşlarını birləşdirən təşkilatların nümayəndələri ilə görüşdü.
Hər iki diaspor həm Rusiya Federasiyasının qanunlarına əməl etmək, həm də Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına şərait yaratmağa kömək etmək üçün öz məsuliyyətlərini dərk etməlidir.
ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov bütün bu vaxt ərzində hər iki ölkənin xarici siyasət idarəsinin rəhbərləri ilə birbaşa əlaqədə olub. Nəticədə, fəal Rusiya vasitəçiliyi ilə, ilk cəhddə olmasa da, 16 iyulda atəşkəs əldə edildi”, – deyə rusiyalı nazir vurğulayıb.
Lavrov avqust ayında vəziyyətin bir az stabilləşdiyini qeyd edib: “Sərhəddə və qoşunların təmas xəttində nisbi sakitlikdir. Qarşılıqlı ictimai ittihamlar azalıb. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesinin tezliklə bərpa olunacağına ümid edirik. ATƏT-in Minsk Qrupundakı tərəfdaşlarımızla birgə bunun üzərində işləyirik”.
Follow @7timesaz