Dünən Ankarada konsert verən Murat Boz elə səhnədə, izdihamın qarşısında tərini dəsmala silir. Nə mənaysa?! Dünya ulduzlarına oxşamaq ayrı, oxşatmaq ayrı məsələ. Tərini sildiyi dəsmalı camaatın üstünə niyə atasan ki? Keçmişdə mesaj vermək üçün oğlanların qarşısına dəsmal atardılar, indi isə qızların başına. Səbəbi nədir? Belələrində eqonu tətmin etmək psixologiyası haradan formalaşıb? Yaxşı ki, Allah onda üzlərinə baxıb ki, suyu içib başlarına tüpürməyib. Bu da ayrı bir manyakal patologiyadır.
Sizə təqdim etdiyimiz videodan göründüyü kimi, qadın izləyicilər Muradın atdığı qaraca dəsmalın üstündə bir qırğın çıxardırlar, gəl görəsən. Hətta bir-birini əzən qızlardan xəstəxanalıq olanlar da oldu.
Sanki çörək, su növbəsində ya da əziz bayramlarda paylanan sovqat payı üstündə əlbəyaxaya çıxıblar. Təbii ki, yoxsulluq ayıb deyil. Lakin bu, mənəvi yoxsulluqdur nə yazıq ki… Çox güman cənab Murad bunu məqsədli şəkildə, müzakirə obyektinə çevrilməsi üçün edib. Bu, onun konsertlərində çıxardıqları ilk oyun deyil, nə də sonuncu. Aydın məsələdir ki, ictimaiyyətə oynamaq elə də çətin deyil. Kütlələri arxasıyca aparan belə məşhurların əlinə çox su tökənlər var. Yəni, gündəm olmaq iki vur ikidir zəmanəmizdə. Müxtəlif üsullarla: kimi TikTok və Instagram canlı yayımlarıyla, kimi ucuz YouTube kontentləri ilə, kimi isə mənasız sosial çarxlarla gündəm olur. Çətini ağlına gələni tətbiq edənə kimidir, arxası onsuz da özü gəlir. Bu da ayrı müzakirə mövzusudur. Bax beləcə cırmaqlaşa-cırmaqlaşa fenomen tayfaları bizi bezdirir. Bu dəsmal davasında da uduzan, udan tərəfləri bilməsək də, udan tərəf dəqiq Murad oldu. Görək növbəti kim olacaq?!