Tanınmış müğənni İlahə Fəda Moderator.az-ın suallarını cavablandırıb.
– İlahə xanım, yəqin ki, ermənilərin Laçını tərk etməkləri haqda məlumatınız var. Bir Laçınlı kimi inanıram ki, böyük sevinc içindəsiz. İstərdim söhbətimizə elə bu mövzudan danışmaqla başlayaq.
– Ermənilərin Laçın şəhərini və Laçının bir neçə kəndini tərk etməsi xəbəri əlbəttə ki, məni çox sevindirir. Şükür Allaha ki, öz xoşları ilə torpağımızdan rədd olub gedirlər. Məni şəhid xəbərləri qorxudur! Birinci və ikinci Qarabağ müharibəsində o qədər şəhidlər vermişik ki… Bu hər iki müharibədə mənim də doğmalarım, yaxınlarım şəhid oldu. “Nəsimi” filmində dedikləri kimi, at ağızlı oğlanlar, igidlər! İstəmirəm yenə də müharibə olsun, cavan-cavan gənc oğlanlar şəhid olsun.
– Doğma kəndinizə gedə bilmisiniz?
– Xeyr, hələ də işğaldan azad olunan torpağıma, Laçın rayonu Alxaslı kəndinə gedə bilməmişəm. Bu da mənim ürəyimdə çalın-çarpaz bir dağdır. Çünki hələ də dövlət səviyyəsində icazə verilmir.
– İlahə xanım, repertuarınızda hər zaman vətənpərvər mahnılar üstünlük təşkil edib. Yəqin ki, vətənin xoş günlərində səsləndirmək üçün yenə də yeni repertuar hazırlayırsız?
– Mənim zəngin repertuarım var. Burada bir az eqoistlik edəcəm, təvazökarlıq etməyəcəm (gülür). Repertuarımdan o qədər xoşum gəlir ki. İstər dünya, istərsə də yerli musiqi aləmində baş verən dəyişiklərə rəğmən mən yenə də öz repertuarımı da cılızlaşdırmadım, ucuzlaşdırmadım. Belə də davam edirəm. Səbrim o qədər böyükdür ki. Mənim də əlimdən gələn budur ki, musiqi, sənət baxımından ölkəmin başını uca edim. 5-10 manat qazanmaqdan ötrü heç vaxt öz repertuarımı səviyyədən salmamışam. Baxmayaraq ki, maddi çətinliyim də olub. Mən “Şuşanın dağları” mahnısını bilirsinizmi nə vaxt oxumuşdum?! Şuşa hələ o vaxtı işğal altında idi. Hətta o vaxt bu mahnını oxuyanda dedilər ki, “bu nə mahnıdır?”, “bunun vaxtı çoxdan keçib”. Hətta “Şuşanın dağları” mahnısını oxuduğuma görə məni efirlərə çağırmadılar. Təxminən 1999, 2000-ci illərdən söhbət gedir. Deyirdilər ki, “Şuşa var ki, “Şuşanın dağları”” mahnısını oxuyursunuz?” Deyirdim ki, ya bu mahnını oxuyacam, ya da oxumuramsa verilişə gəlməyəcəm! Başım çox bəlalar çəkdi. İndi isə bir neçə dövlət kanalı var, ancaq rusun, erməninin mahnısını oxuyanları reklam edirlər, onlar məni heç efirlərinə dəvət etmirlər. Bundan xəbəriniz varmı?! Nə Aztv, nə Mədəniyyət, nə də ki, İctimai tv. Bu mənə təsir edir! Çünki mənim ilk çıxışım Azərbaycan televiziyasında olub. O vaxt indiki kimi özəl kanallar yox idi.
– Səbəb nədir?
– Bilmirəm ki! Çünki mən gedib orada Azərbaycan musiqisi, mahnısı oxuyacam. Onların hazırladığı verilişləri izləyirəm, müğənni Azərbaycan dilində mahnı oxuyur, amma dili çönmür, çünki “ruskiy yazıçnı”-dır. Öncə vətəni sevmək lazımdır. Vətən sevgisini göstərmək lazımdır. Mən elə gözəl əsərlər oxumuşam ki! Məni bəyənməyib, verilişlərinə çağırmayan o AZTV-nin qızıl fondunda mənim səsim var. Ulu Öndər Heydər Əliyevin sifarişi ilə o vaxt AZTV-də “Dədə Qorqud” adlı film-tamaşa çəkildi. O film-tamaşanın ağılarını mən oxumuşam. Bundan sonra AZTV məni heç çağırmasın da, amma onun qızıl fondunda mənim səsim qorunur. Gedib arxivlərinə, qızıl fondlarına baxsınlar. Bəlkə Azərbaycan musiqisinə xələl gətirmişəm?! Əgər Azərbaycan musiqisinə xələl gətirməmişəmsə dövlət kanalı məni niyə verilişlərinə dəvət etməməlidir?! Məni dəvət etməyə bilərsiz, amma səsimi yer üzündən silə bilməzsiz!
– İlahə xanım, mən bilirəm ki, sizin Flora Kərimovaya qarşı çox böyük hörmətiniz var. Yəqin ki, son aylar onun başına gələnlərdən xəbərdarsınız! İstərdim bu mövzu haqda da fikirlərinizi bizimlə bölüşəsiz.
– Mən o qadın, sənətkar haqqında düşünəndə özümü çox xoşbəxt hesab edirəm ki, onunla bir dövrdə yaşayıram. Hər zaman onu görəndə buxağından öpürəm! Flora xanım möhtəşəm sənətkardır, sənətin dibidir, ondan o yanası yoxdur! Ona kim ki, nəsə deyir, adı ilə gündəm olmaq istəyirsə hamısı məhv olacaq. Bu qadın, bu səs müqəddəsdir. Kim ki, Allaha inanmırsa, Flora xanımın səsinə qulaq assın, Allahı görəcək! O dərəcədə böyük səsdir! Nə qədər sadə, səmimi biridir, ilahi! Mənim o boyda sənətim olsaydı indi heç telefon nömrəmi də tapa bilməzdiniz (gülür). Yadımdadır, o vaxt Flora xanıma efir qadağası qoymuşdular, mən dövlət televiziyasında onun mahnısını oxudum, montajda da kəsməmişdilər. Allah ona uzun ömür, can sağlığı versin!
Follow @7timesaz