Yuxu orqanizm üçün lazım olan mühüm fiziologiyadır. İnsanlarda yuxunun optimal müddəti müxtəlif olur.
Körpələrin isə yuxuya olan tələbatı daha artıqdır. Bəzi valideynlər körpələri dizləri üstə və ya başqa yerdə yelləyərək yatızdırırlar. Mütəxəssislər hesab edirlər ki, uşaq yellənən zaman gözləri bir nöqtəyə baxır və yorğun olduğuna görə yox, başı gicəlləndiyinə görə yuxuya gedir, yəni körpə sərsəmləyərək yatır.
AZƏRTAC xəbər verir ki, həkim-pediatr Əkbər Quliyevin dediyinə görə, bu hal körpələrdə qalıcı beyin zədələrinə gətirib çıxara bilər: “Körpələrin yellənərək yatızdırılması onlarda sarsıma yaradır, beyin daha oyanıq halda olur. Yuxusunu tam almayan uşaqlarda davranış pozuntusu, aqressivlik və aktivlik müşahidə edilir. Məlum olduğu kimi, yuxunun dərin və səthi fazaları var. Bu cür yatan uşaqlar yuxunun keçid dövründə oyanır və həmin dəstəyi tələb edirlər. Belə olanda artıq onlarda yuxu pozuntusu yaranır”.
Bir yaşınadək körpələr gün ərzində 18 saat yata bilər. Uşaqlarda gündüz yuxusu 2-3, gecə yuxusu isə 7-8 saat və dəstəksiz olmalıdır. Həkim-pediatrın dediyinə görə, uşaq özü heç bir əlavə köməkçi vasitə olmadan yuxuya getməlidir: “Beş ayından sonra körpənin yellənilməsi, əmzik verilməsi, yaxud hansısa bir mahnı, musiqi sədaları altında yatırılması ona mənfi təsir edir. Bəzən analar uşaqları ayaqları üstünə qoyub şiddətlə yelləyərək onları bayıldıb yatırırlar. İlk beş ayında yüngül amplitudada körpəni yelləmək onun yatmağına kömək edir”.
Həkim-pediatr deyib ki, yelləmə zamanı sürət güclü olarsa, körpədə beyin silkələnməsi baş verə bilər. Ona görə də valideynlərə uşağın yuxuya getməsi üçün yelləmək yox, digər üsullardan istifadə etmək məsləhət görülür.
Follow @7timesaz