Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0,25 faiz bəndi artırılaraq 8%-ə çatdırılıb. Həmin qərarla faiz dəhlizinin aşağı həddi 1 faiz artırılaraq 5% olub, yuxarı hədd isə 9,25% səviyyəsində dəyişməz saxlanılıb.
7Times.az xəbər verir ki, AMB-nin uzun fasilədən sonra faizləri artırması ölkəmizdə qeydə alınan yüksək inflyasiya ilə bağlıdır. 2022-ci ilin sentyabrında aylıq qiymət artımları 3,1 faiz olub ki, bu da son illərin ən yüksək aylıq bahalaşmasıdır. Aylıq inflyasiyanın güclənməsi hesabına illik inflyasiya 15,6 faizə, dövrü inflyasiya isə 13,4 faizə yüksəlib. İnflyasiyanın mövcüd sürəti onu göstərir ki, Azərbaycanda qiymət artımları nəzarətdən çıxıb və qiymətlərin sabitliyini təmin etmək mümkün deyil.
Belə vəziyyətlərdə AMB sərt pul-kredit (monetar) siyasət yürütməlidir. Sərt monetar siyasətin əsas məqsədi tələbi zəiflətməklə inflyasiyanı cilovlamaq, qiymətlərin daha çox artmasının qarşısını almaqdır. Amma təəssüf ki, AMB 2022-ci ilin mart ayından faizləri sabit saxlamaqla qiymət artımlarının güclənməsinə göz yumdu. Bir qayda olaraq inflyasiya gücləndikdə kredit qoyuluşu azaldılır, depozitlərin həcmi artırılır, dövriyyədə olan pul kütləsinin miqdarı kiçildilir ki, bununla tələb zəiflədilir və qiymətlərdəki hərarər azaldılır. Bu tədiblər görülmədikdə Azərbaycanda son aylarda olduğu kimi qiymət artımları aybaay güclənir.
Mövcud vəziyyətdə AMB yalnız faizləri artırmaqla kifayətlənməməli, digər qeyd edilən zəruri nəticələrə nail olmalıdır. Əks təqdirdə bahalaşma sürətini zəiflətmək ilin sonuna qədər çətin olacaq.
Follow @7timesaz