Maraqlı

Siçanlarla  yaşayıb, bir-birlərinin ətlərini yeyirlər…–  Dünyanın ən təhlükəli HƏBSXANALARI

Siçanlarla  yaşayıb, bir-birlərinin ətlərini yeyirlər…-  Dünyanın ən təhlükəli HƏBSXANALARIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dəmir barmaqlıqlar arxasında nəinki bir ömür keçirmək, hətta bir neçə saat qalmaq düşüncəsi belə insanın psixoloji cəhətdən çökməsi üçün kifayət edir. Lakin bu da bir həqiqətdir ki, yaşadığımız dünyada hamı məsum deyil və bəzi əməllərin cəzası ağır olur. Qədim zamanlardan bəri insanlar törətdikləri cinayət, oğurluq və sair kimi cəmiyyətin rifahına xələl gətirəcək əməllərinə görə cəzaçəkmə müəssisələrində cinayətin ağırlıq dərəcəsinə görə cəzalandırılırlar.

Günümüzdə silsilə cinayətlər törətmiş və cəmiyyət üçün təhlükəli olan şəxslər daha güclü qorunma sisteminə malik cəzaçəkmə müəssisələrinə yerləşdirilirlər. Hal belə olduqda həmin cəzaevləri daha təhlükəli bir məkana çevrilir.

Gundem.az-ın əməkdaşı dünyanın ən təhlükəli cəzaçəkmə müəssisələrini araşdırıb:

Banq Kvanq Həbsxanası – Tayland

 

Taylandın Banqkok şəhərindəki Banq Kvanq həbsxanası “Banqkok Hilton” kimi də tanınır. Adətən edam, ya da uzunmüddətli cəza alan məhkumların olduğu bu həbsxanada əcnəbilərin olduğu da bildirilir. Bu həbsxanaya düşən məhbusların çoxu həbs dövrünün  ilk üç ayında psixoloji təzyiqlərə tab gətirməyərək ağıllarını itirirlər. Daha çox edam cəzası alan məhkumlar üçün nəzərdə tutulan bu həbsxanada demək olar ki, personalların sayı məhkumlardan çoxdur. Buna səbəb isə yaşayış şəraitinin olmadığı bu həbsxanada məhkumların cəzalarının 1 ili belə tamam olmadan vəfat etməsidir.

Rikers Ada Həbsxanası – ABŞ

ABŞ-ın Nyu-York şəhərinin Bronks ərazisində yerləşən Rikers Ada həbsxanasının illik büdcəsi 800 milyon dollardır. Rikers adasında yerləşən bu cəzaçəkmə müəssisəsi dünyanın ən böyük həbsxanası və psixi müəssisələrindən biri hesab edilir, digər həbsxanalardan öz spesifik vəhşilikləri ilə fərqlənir.  2013-cü ilin may ayında “Mother Jones” jurnalında dərc olunan hesabatlara əsasən, Rikers adası ABŞ-ın ən pis on həbsxanasından biri seçilib. Xüsusilə burada məhkumlara qarşı törədilən zorakılıq və laqeydliyə görə bir çox media orqanları və rəsmi qurumlar tərəfindən Nyu-York hökümətinə qarşı məhkəmə iddiası irəli sürülüb.  Belə ki, burada məhbuslara mühafizəçilər tərəfindən gecə gündüz vəhşicəsinə münasibət göstərilir. Onlar ağır vəziyyətə düşənə qədər döyülür. Hətta bəzən mühafizəçilərin əyləncəsini təmin etmək üçün məhbuslar bir-biriləri ilə ölümcül vəziyyətə düşənə qədər dalaşdırılır. Bu tendensiya 2007-ci ilə qədər davam edib. 2017-ci ildə döyülmək və işgəncə proseslərinə müdiriyyət tərəfindən nisbətən də olsa qadağa qoyulub.

San Kventin Həbsxanası – ABŞ

Kaliforniyanın ən qədim həbsxanası olan San Kventin  həbsxanası 1852-ci ildə yaradılıb. Həbsxanada istifadə edilməsə də, hələ də qaz kameraları var. Bu həbsxananı digərlərindən fərqləndirən əlamət qadın və kişi məhbusların bir yerdə olmasıdır. Bu təcridxanada istənilən qayda pozuntusu normal qəbul edilir. Həbsxanada edamlar isə məhkuma iynə vurmaqla həyata keçirilir.

La Sabaneta Həbsxanası – Venesuela

Venesuelanın ən təhlükəli həbsxanalarından biri olan La Sabaneta həddən artıq çox sayda məhkuma ev sahibliyi edir. Belə ki, 15 minlik həbsxanada 25 min məhkum var. Ən qəddar islah müəssisələrindən biri hesab olunan  bu həbsxanada bir mühafizəçiyə 150 məhkum düşür. Burada xəstəliklər, aclıq, şəraitsizlik maksimal dərəcədədir. Tibbi müəssisə yox dərəcəsindədir. Cinayətkarlar öz işlərinə həbsxanada da davam edərək müxtəlif növ  amansız qətllər törədirlər.
Le Sante həbsxanası – Paris

Fransanın paytaxtı Parisdə yerləşən həbsxanaya fransızlar kinayə ilə sağlamlıq həbsxanası deyir. Lakin buranın bu cür adlandırılması heç də o demək deyil ki, burada sağlam məhbuslar olur. Buradakı məhbusların nə fiziki, nə də psixoloji vəziyyəti qənətbəxşdir. Məhbuslar çox ağır və qorxulu vəziyyətdə yaşamağa məcburdurlar. Onların yaşadıqları kameralar siçovullarla dolu olur. 2002-ci ildə bu siçovullara tab gətirməyərək 122 məhbus öz həyatlarına son qoyub. 2003-cü ildə isə 73 nəfər özlərini boru təmizləyən xlor tərkibli məhlulu içərək öldürüblər.

Gitarama Həbsxanası – Ruanda

Ruandada yerləşən bu həbsxana 500 nəfər məhkum üçün nəzərdə tutulsa da, orada 6000 məhkumun cəza çəkdiyi bildirilir. “Yer üzündəki cəhənnəm” olaraq tanınan Gitarama həbsxanasında çox vaxt məhkumlara yemək belə verilmir. Burada məhbuslar tavanı olmayan, sahəsi cəmi 1m2 olan kərpic evlərdə yaşayırlar. Ən çox qanqrena və dizenteriyadan əziyyət çəkən məhkumlar mövsümün bütün iqlimlərinə, temperatura, istiyə, soyuğa dözməyə məcburdurlar.

Tstenqli həbsxanası – Honkonq

Dünyada yüksək səviyyədə mühafizə sistemi ilə qorunan 6 həbsxanadan biri olan bu cinayət məntəqəsi Honkonqda 1937-ci ildən bəri fəaliyyət göstərir. Bu təcridxana edam olunan cinayətkarların sayına görə beynəlxalq statistikada birinci yerdədir. 1 il ərzində burada 120-dən çox məhbus asılaraq edam olunur. Yaponların işğalı nəticəsində isə burada 600-dən çox məhbus qətlə yetirilib. Əsasən burda olan cinayətkarların çoxu dezertir və sərhədləri qanunsuz olaraq keçənlərdir.