Cəmiyyət

Təhsildən 130 kilometr uzaqda… – Bu kənddə ali savadlı yoxdur – Videoreportaj

Təhsildən 130 kilometr uzaqda… – Bu kənddə ali savadlı yoxdur – Videoreportajbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uzaqdan əzəmətli Çıraqqala görünür, yaşıl aşırımlar bizi Böyük Qafqazın cənub-şərq yamaclarına aparır. Şabranın Qazbabalı kəndi ilə qalaya gedən yol ayrılanda asfalt da bitir. Ondan sonra palçıqlı və dərə-təpəli dolaşıq cığırlar başlayır. Bəxtimiz onda gətirib ki, hava günəşlidir, bir neçə gün əvvəl yağan yağışdan sonrakı gölməçələri qurudub. Avtomobilimiz çətinliklə də olsa, yamacı qalxa bilir.

Coşqun müəllimin bu gün 130 km qət edib gələcəyini kənddə hamı bilirdi. Əllərində çanta olan uşaqlar tələsə-tələsə Teyyub və Narxanımgilin evinə gəlirlər. Ayaqlarında uzun çəkmələri olan 3 uşaqla yaxınlaşan kənd sakini dərs verməyə gələn müəllimi avtomobilinin yanındaca haqlayır. Məlum olur ki, o da övladlarını şəhərdən gələn müəllimin yanına göndərmək istəyir: “Müəllim, bu uşaqları da sinfinizə götürün, öyrənməyə çox həvəslidirlər. İngiliscə saymağı da bilirlər…” Artıq iki ildir ki, ayda iki dəfə məktəbdən kənarda qalan uşaqlara dərs demək üçün bu kəndə gələn jurnalist Coşqun Eldaroğlunun budəfəki gəlişini “Qafqazinfo” da müşayiət edib.

Coşqun müəllim Bakıda yaşasa da, əslən şabranlıdır. 7 şagirdlə başladığı bu yola hazırda 14 daimi şagirdlə davam edir. Yeni qoşulacaq şagirdləri də nəzərə alsaq, gələn dərsdən onların sayı 17 olacaq.

Kəndin adı Qazbabalı olsa da, bura qaz cəmi bir neçə ildir verilib. Su isə bu kənddə, ümumiyyətlə, yoxdur. 350 nəfərdən çox əhalisi olan kənddə 20 şagirdlik, yalnız ibtidai sinifləri əhatə edən modul tipli məktəb var.

Coşqun müəllim deyir ki, bu kənddə sakinlər nəinki ali, heç tam orta təhsil də ala bilmirlər. 4-cü sinfi bitirəndən sonra kimsə təhsilini davam etdirmək istəsə, kilometrlərlə məsafə qət edib qonşu kəndlərə və ya rayon mərkəzinə getməlidir. İctimai nəqliyyat olmadığından, bu da müşkül məsələdir.

Həmsöhbətimiz deyir ki, ucqar dağ kəndində dərs demək ideyası hazırda şagirdi olan Nəzrinin məktəb olmadığına görə daha dərsə gedə bilməyəcəyini söyləməsindən sonra yaranıb. O vaxtdan bəri hər iki həftədən bir obaşdan Bakıdan yola çıxıb Qazbabalıya gəlir. Şənbə günləri yola çıxan qəhrəmanımız dərs dediyi şagirdlərin qələm, dəftər, çantalarından tutmuş yeməyinə qədər hər şeyi özü ilə gətirir: “Başqa bölgələrdə olduğu kimi, burada da erkən nikahlar var. Ona görə də bir çox hallarda valideynlər qızlarını məktəbə göndərmirlər. Çətinliklə də olsa, bu şagirdləri toplamışam. Daha çox uşağın dərslərə cəlb olunmasını istərdim. Gələndə dərslərə yaxşı hazırlaşıram. 4 istiqamət üzrə: ingilis dili, Azərbaycan dili, riyaziyyat və dünyagörüşündən (burada coğrafiya, fizika, hətta fəlsəfə də əhatə olunur) dərs keçirəm.

Burada ibtidai məktəbi bitirən bəzi şagirdlərimiz dərsə getmək üçün Siyəzən rayonunun Yenikənd kəndində qohumlarının evində qalmalı olurlar. Bəzi uşaqlar isə 3-4 km aralıda yerləşən qonşu Əmirxanlı kəndinə gedirlər. Lakin bura dağlıq yerdir və yolda vəhşi heyvanlara rast gəlmək mümkündür. Elə bir neçə gün əvvəl ayı kənd sakinlərindən birinin inəyini yeyib. Onun yerində uşaq da ola bilərdi…”

Kənd müəlliminin ən böyük gözləntisi məktəbə getməyən bu uşaqların attestat ala bilmələridir: “Bilirəm ki, uşaqlar hər dərs gününü səbirsizliklə gözləyirlər. Bu gün də şagirdim Məkan təpənin üstünə çıxıb yolumu gözləyirdi.

…Deyim ki, böyük bir hərəkatın üzvüyəm, elə deyil. Bu, böyük inqilabi hərəkət deyil. Amma əlimdən bu gəlir, bunu da edirəm. Özümə güvənirdim, bir proqram tutdum ki, nəyi öyrədə bilərəm. Müəllimlik təkcə Pedaqoji Universiteti bitirmək demək deyil. Biz uşaqlarla dostuq. Bir qabdan yemək yeyirik. Mən onlarla hər şeyi müzakirə edirəm. Mən ən yaxşı müəllim deyiləm, amma həmişə üzərimdə işləyirəm.

Ən böyük gözləntim odur ki, təhsilsiz uşaqların imtahan vermək imkanları olsun. Xüsusi komissiya ilə attestat ala bilsinlər. Ən azı 9-cu sinfin attestatını əldə etsinlər. Bu kənddə ali təhsilli sakin yoxdur. Buradakı uşaqların da, Nəzrinin, Şəbnəmin də ali təhsil ümidləri yox idi. Kənd camaatı ya dördillik məktəbi bitirib, ya da ümumiyyətlə, məktəb oxumayıb. Məsələn, onlara deyəndə ki, “Yer kürəsi Günəş ətrafında 365 gün 6 saata bir dövrə vurur”, – təəccüblənirlər. İnsanlar çox bəsit şeyləri bilmirlər, çünki gerçək təhsili görməyiblər”.Coşqun müəllim bizimlə söhbəti bitirib dərsə başlayır. Əvvəlcə ötən tapşırıqlardan aydın olmayanları izah edir, keçmiş mövzuları təkrarlayır. Masa dolduğundan uşaqların bir qismi otaqdakı çarpayıların üzərində oturub dizüstə qeydlər aparırlar. Heç nə onların öyrənmək həvəsini azaltmır.

Həmsöhbətimiz deyir ki, havaların isinməsi yerlə bağlı darısqallıq problemini həll edəcək. Yay aylarında həyətdəki uzun masa onların köməyinə çatır.

5-ci sinifdən məktəblə vidalaşan 14 yaşlı Fatimə burada öyrəndikləri əsasında ali təhsil alacağına əmindir: “5-ci sinfin ortasından dərsə getmirəm. Oxusaydım, 8-ci sinifdə olacaqdım. Humanitar fənlərə, tarixə, coğrafiyaya marağım var. Arzum odur ki, jurnalist olum…”

10 yaşlı Hüseyn Əliyev 3-cü sinfə keçəndən Coşqun müəllimin dərslərinə qatılıb. Deyir ki, bura məktəbdən çox fərqlənir: “Mən böyüyəndə polis olmaq istəyirəm. Həm onun formasından xoşum gəlir, həm də cinayət edənləri tutur…”

10 yaşlı Nuray da Coşqun bəy kimi müəllim olmaq istəyir. Deyir ki, gələcəkdə böyük evi olacaq və orada bütün uşaqlara dərs deyəcək.

Burada şagirdlər təkcə oxuyub-yazmırlar, həm də dünya musiqisinin incilərini dinləyirlər. Oxuduqları kitabları müzakirə edirlər, tanımadıqları ölkələrə qiyabi səfərlər edirlər. Bu dərslərdən sonra heç vaxt görmədikləri Bakı da onlar üçün əlçatan olub. Artıq bir neçə dəfə müəllimləri onları Bakıya gətirib, həm şəhəri gəzdirib, həm də evində qonaq edib. Daha bir səfər isə yaxın günlərdə reallaşacaq.

Coşqun Eldaroğlunun sözlərinə görə, dövlət orqanları, o cümlədən, Şabran RİH və Elm və Təhsil Nazirliyi problemdən məlumatlıdır. Nazirlikdən məsələ ilə bağlı heç bir reaksiya olmayıb, Rayon İcra Hakimiyyətindən isə məsləhət görülüb ki, uşaqlar qonşu kəndə oxumağa getsinlər. Bələdiyyənin büdcəsində pul olandan sonra isə kəndə yol çəkiləcək.

Bütün problemlərə rəğmən, Coşqun müəllim uşaqlar nəticə əldə edənə qədər dərslərə davam edəcəyini deyir. O inanır ki, Teyyub kişinin və Narxanım xalanın evində bu darısqal otaqdan çıxan şagirdlərinin hər biri bir gün universitet tələbəsi olacaq.