Ölkə

Generalın qohumundan şok cinayət: “Pul “Müəllim”ə çatacaq…”

Generalın qohumundan şok cinayət: “Pul “Müəllim”ə çatacaq…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda vətəndaşlara qarşı dələduzluqda təqsirləndirilən Bəxtiyar Yusifovun cinayət işi barədə məlumat vermişdik.

7Times.az  bildirir ki, Teleqraf.com özünü Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun xalası oğlu kimi təqdim edən Bəxtiyar Yusifovun cinayət işinin detallarını əldə edib.

İttihama görə, Bəxtiyar Yusifov zərəçəkmiş Cavid Mehralıyevdən qardaşı Yaşar Mehralıyevi prokurorluq orqanında texniki işə düzəltdirəcəyi vədini verib. Buna görə ondan ümumilikdə 59 min manat pul alıb.

Bundan başqa, o Yaşar Mehralıyevin hərbi biletində yararsız qeydinin yararlı qeydi ilə əvəz etdirəcəyi və Xətai rayon Polis İdarəsinə polis nəfəri kimi işə düzəltdirmək vədini də verib. O, həmin şəxsin ümumilikdə 81 min manat pulunu ələ keçirib.

İstintaq orqanmı tərəfindən Bəxtiyarın barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 32.4, 312.2-ci (iştirakçılıq; vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham elan edilib.

Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Prosesə hakim Əli Məmmədov sədrlik edib.

“Günahsız yerə həbs olunmuşam”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəxtiyar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, ittihamdakı bəzi epizodlar üzrə ibtidai istintaq zamanı bir neçə şəxs şahid qismində cəlb edilib, həmin şahidlər də onun əleyhinə ifadə veriblər: “Mən o şahidlərin heç birini tanımıram. Onlarla heç vaxt, heç bir şəraitdə təmasda olmamışam. Bu səbəbdən onlardan bu və ya digər şəkildə pul almağım mümkün deyil.

İbtidai istintaq zamanı Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarından əleyhimə ifadə vermiş şahidlərlə üzləşdirilmə tələb etmişəm. Lakin heç kim məni şahidlərlə üzləşdirməyib. Müstəntiqə dedim ki, əgər üzləşdirmədə şahidlər məni tanıdıqlarını bildirsələr, mən hər cəzaya razı olacam. Lakin üzləşdirmə keçirilmədi.

İbtidai istintaq zamanı heç bir sənədi imzalamamışam. Günahsız yerə həbs olunmuşam, ittiham üzrə heç bir cinayət əməlini törətməmişəm”.

“Atama zəng etdi”

İş üzrə ifadə verən Cavid Mehralıyev bildirib ki, tikinti işləri ilə məşğul olur: “2020-ci ilin avqustunda atamın istifadəsində olan mobil telefona zəng gəldi. O, özünü mənim atama Rövşən kimi təqdim etdi. Sonradan onun əsl adının Bəxtiyar olduğunu bildim.

Bəxtiyar atamın tikinti işləri ilə məşğul olduğunu bildirərək, ondan mişar daşı almaq istədiyini bildirib. O, atama nömrəsini Hacı adlı bir şəxsdən aldığını dedi. Atam da özünü Rövşən kimi təqdim edən şəxsə mənim mobil nömrəmi verib, mənimlə danışmağı məsləhət bilib.

Hacı adlı şəxs tikinti işləri ilə məşğul olduğuna görə tanımışıq. Sonra Bəxtiyar mənə zəng etdi, Novxanı və Bilgəh qəsəbələrində bağ tikdirdiyini və mişar daşı lazım olduğunu dedi. Mən nə qədər daş lazım olduğunu soruşanda o, dəqiqləşdirərək mənə deyəcəyini bildirdi”.

“Ramiz Zeynalovun xalası oğlu olduğunu dedi”

Cavidin sözlərinə görə, bir gün sonra Bəxtiyar ona zəng edib və Göygöl rayonu ərazisində istirahət mərkəzinin tikintisinə də başlayacağını bildirib: “Bəxtiyara Tovuz rayonunda bizə məxsus tikinti materialları mağazası olduğunu və Göygöl rayonuna yaxın olduğundan oradan daha ucuz mal ala biləcəyini dedim. Bundan sonra bir neçə dəfə telefonla danışdıq.

Bəxtiyar Tovuz rayon sakini olduğunu dedi, özünü həmyerlimiz kimi təqdim etdi. Sonra vatsap sosial şəbəkəsi vasitəsi ilə zəng edərək özünün Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, əslən Tovuz rayonundan olan Ramiz Zeynalovun xalası oğlu olduğunu söylədi. Ramiz Zeynalovla çox yaxın münasibət saxladığını dedi, DYP ilə hər hansı bir problemim olduğu halda müraciət etməyimi məsləhət gördü.

Bəxtiyarla yaxşı münasibətlərimiz yarandı. Tez-tez vatsap vasitəsi ilə danışdıq. Lakin heç vaxt görüşmədik”.

“Polis olmaq arzumu bildirdim”

Cavidin ifadəsinə görə, heç vaxt Bəxtiyarı həyatda görməyib: “Hətta bir neçə dəfə mənə məxsus yük avtomobilləri yol polisi tərəfindən saxlanıldıqda, Bəxtiyara məlumat vermişdim. Bəxtiyar da həmin avtomobilləri buraxdırmışdı.

Bəxtiyarın bu hərəkətləri ona inamımı və etibarımı daha da artırdı. Bundan sonra onun işgüzar və əhatəsinin geniş olmasını düşündüm. Telefonda söhbət zamanı qardaşımla birlikdə polisə işə düzəlmək arzumuzun olduğunu bildirdim. Lakin hərbi biletimdə xidmətə yararsız olmağım barədə qeydi xatırladıb bu işin alınacağına ümid bəsləmədiyimi də dedim”.

“Bəxtiyar “Müəllim” dedikdə Ramiz Zeynalovu nəzərdə tutub”

Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra özünü Rövşən kimi təqdim edən təqsirləndirilən şəxs onu polisə işə düzəldə biləcəyini bildirib: “Həmin vaxt Bəxtiyara qardaşım Yaşarın da polisə işə düzəlmək istədiyini dedi. O, Polis Akademiyasında tanışının olduğunu, qardaşımın işini də həll edə biləcəyini, bunun üçün 35.000 manat pul lazım olacağını, məbləğin “Müəllim” kimi təqdim etdiyi bir şəxsə çatacağını bildirdi. Bəxtiyar “Müəllim” dedikdə Ramiz Zeynalovu nəzərdə tutaraq onunla həmkəndli olduqlarını söylədi.

Bir neçə gün ərzində ailəlikcə qardaşımın özünü Rövşən kimi təqdim edən şəxs vasitəsi ilə Polis Akademiyasına qəbul edilməsi təklifini və bu işin müqabilində 32.000 manat verməli olduğımızı müzakirə etdik. Ailə üzvlərimiz bu təkliflə razı olduqları üçün ilk dəfə 2020-ci ilin avqustunda 32.000 manatı Bakı şəhəri, Ziya Bünyadov prospekti, “Hyundai” servisin qarşısında Bəxtiyarın göndərdiyi tanımadığım taksi sürücüsünə verdim.

Həmin gün Bəxtiyar mənə pulu götürdüyünü və bir müddət gözləməli olduğumuzu söylədi. Təxminən 4-5 gün sonra Bəxtiyar yenidən zəng etdi. Qardaşımın Polis Akademiyasına gedərək 5 ilə yaxın müddətə ali təhsil alması əvəzinə Nərimanov rayon Prokurorluğunda texniki işçi yeri boşaldığından elə birbaşa ora işə düzəltməyi təklif etdi.

Bunun üçün əlavə olaraq 17.000 manat verməli olduğumuzu, yaxın günlərdə qardaşımın şəxsiyyət vəsiqəsinin surətini, fotoşəklini, sağlamlıq və yaşayış yeri üzrə arayışların hazırlamısının da vacib olduğunu bildirdi. Bu təklifi də müzakirə etdik. Qardaşım bu işə razı olduğundan Bəxtiyara zəng etdim”.

Cavid deyib ki, 17.000 manatı, qardaşının topladığı arayışı digər sənədlərlə birlikdə 2020-ci il avqustun sonlarında Daxili İşlər Nazirliyinin inzibati binasının yanında Bəxtiyarın göndərdiyi tanımadığı taksi sürücüsünə verib: “Həmin vaxt Bəxtiyar qardaşımla orada gözləməyimi və əmr imzalanacağı üçün bizi içəri çağıracaqlarını bildirdi. Qardaşımla axşam saat 19.00-dək Daxili İşlər Nazirliyinin izibati binasının qarşısında gözləsək də, Bəxtiyar telefona cavab vermədi və buna görə də oradan getdik”.

“Yanlışlıq var dedi…”

Cavid deyib ki, növbəti gün Bəxtiyara zəng edib, saatlarla orada gözlədiklərini və hansı səbəbdən telefona cavab vermədiyini soruşub:

“Bəxtiyar da mənə “Müəllim”in, yəni Ramiz Zeynalovun yanında olduğunu, buna görə telefona cavab verə bilmədiyini, qardaşımın işi ilə bağlı yanlışlıq olduğunu, işə düzəlmə prosesinin təxminən 2-3 ay çəkəcəyini, həmçinin test imtahanından keçməli oluğunu və 10.000 manat müqabilində bu işi də həll edə biləcəyini bildirdi. Mən də atam və qardaşım ilə məsləhətləşdik. Həmin məbləği də verməyə razı olduq”.

“Bu işə atam da, mən də razılıq verdik”

Cavid qeyd edib ki, 4 sentyabr 2020-ci ildə Ziya Bünyadov prospekti, “Hyundai” servisin qarşısında Bəxtiyarın göndərdiyi tanımadığı taksi sürücüsünə 10.000 manat verib:

“Bəxtiyar 10.000 manatı götürdüyünü və Yaşarın işinin 2-3 aya həll olunacağına dair mənə vəd verdi. Daha sonra o məni Xətai rayon Polis İdarəsinə serjant kimi işə düzəltməyi təklif etdi. Mən də hərbi biletimdə hərbi xidmətə yararsız yazıldığını Bəxtiyara dedim. O, hərbi biletimə yararlı yazdıra biləcəyini söylədi və bunun üçün 6.000 manat istədi.

Sentyabrın ortalarında “Elit” ticarət mərkəzinin yanında 4.000 manat, sentyabrın 17-də Nərimanov rayonunda “Neptun” marketin qarşısında 2.000 manatı Bəxtiyarın göndərdiyi tanımadığım taksi sürücüsü ilə ona çatdırılması üçün verdim.

Bir neçə gün sonra Bəxtiyar zəng edərək hərbi bilet məsələsinin həll olunduğunu və Xətai rayon Polis İdarəsinə serjant, yəni çavuş kimi işə düzəlməyim üçün 75.000 manat pul tələb olunduğunu bildirdi. Həmin məbləği də Ramiz Zeynalova verməklə işin tapşırılacağını bildirdi. Atamla məsləhətləşdim və bu işə atam da, mən də razılıq verdik.

2020-ci ilin sentyabrında Bəxtiyarla telefonla danışdım, razı oluğumuzu, 50.000 manatın hazır olduğunu dedim. Bəxtiyar pulu köməkçisi Elkin kimi özünü təqdim edən şəxsə verməyimi tapşırdı. Daxili İşlər Nazirliyinin inzibati binasının yaxınlığında Elkinlə görüşdüm, 50.000 manatı ona verdim. Elkin də pulu Bəxtiyara çatdıracağını dedi”.

“Məni Daxili İşlər Nazirliyinə çağıran olmadı”

Cavid bildirib ki, 6 oktyabr 2020-ci ildə qalan 25.000 manatın da hazır olduğunu Bəxtiyara xəbər verib: “Bəxtiyar həmin pulu da göndərməyimi bildirdi. Yenə də Elkin adlı şəxsə 25.000 manatı Daxili İşlər Nazirliyinin inzibati binasının yaxınlığında verdim. Bəxtiyar pulu aldıqdan sonra mənim Daxili İşlər Nazirliyində müayinədən keçməli olduğumu bildirdi.

Elkinə pulu verdikdən sonra Bəxtiyar telefonda mənə orada gözləməyimi, məni Daxili İşlər Nazirliyinə çağıracaqlarını bildirdi.

Elkin pulu aldıqdan sonra 5-10 dəqiqəlik məndən uzaqlaşaraq, pulu Bəxtiyarın göndərdiyi adama verdiyini desə də, həmin adamı görməmişəm. Orada Elkinlə birlikdə axşama kimi gözləsəm də, məni Daxili İşlər Nazirliyinə çağıran olmadı. Bəxtiyar onun da telefon zənglərinə cavab vermədi”.

“140.000 manatı Bəxtiyara vermişəm”

Cavidin sözlərinə görə, növbəti gün Bəxtiyar özü ona zəng edib və Ramiz Zeynalovun yanında olduğu üçün cavab verə bilmədiyini, səbrli olmağını və 15 günə guya onu Daxili İşlər Nazirliyinə dəvət edəcəklərini bildirib:

“Lakin Bəxtiyarın dediklərinin heç bir nəticəsi olmadı. Sonradan isə özünü Rövşən kimi təqdim edən şəxsin əsl adının Bəxtiyar olduğunu öyrəndim və məlum oldu ki, o, Tovuz rayonunun Aşağı-Öysüzlü kəndində qeydiyyatdadır. Qardaşım Yaşarın prokurorluğa, məni isə polis orqanlarına işə düzəlməyim müqabilində və müvafiq sənədlərin hazırlanması üçün ümumilikdə 140.000 manatı Bəxtiyara vermişəm. Hazırkı vaxta qədər Bəxtiyar həmin məbləği geri qaytarmayıb. Heç vaxt Bəxtiyarla görüşməmişəm. onun anket məlumatlarını öz əlaqələrim vasitəsi ilə tapmışam”.

Bəxtiyar 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.